ADAU və GDAK-da SDG 5 və SDG 10 çərçivəsində təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Aqrar Kollecində keçirilən Dayanıqlı İnkişaf Ayı çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunub.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin SDG Hub – Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan təlim “Gender stereotipləri və onların psixoloji təsiri; gender bərabərliyi və psixi sağlamlıq” mövzusuna həsr olunub.

Təlim universitetin psixoloqu Turanə Xəlilova tərəfindən keçirilib.

Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinin əsas istiqamətlərindən olan SDG 5 – “Gender bərabərliyi” və SDG 10 – “Azaldılmış bərabərsizliklər” məqsədləri çərçivəsində gender stereotiplərinin formalaşma səbəbləri, onların fərdlərin psixoloji vəziyyətinə və sosial münasibətlərə təsiri, inklüziv cəmiyyət anlayışı və psixi sağlamlığın qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, gender bərabərliyi və sosial inklüzivlik istiqamətində mövcud çağırışlar, psixoloji rifahın cəmiyyətin inkişafındakı rolu və sağlam sosial münasibətlərin formalaşdırılması ətrafında fikir mübadiləsi həyata keçirilib. Eyni zamanda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və onların fikir və təklifləri dinlənilib.

Tədbirin əsas məqsədi tələbə və gənclər arasında gender bərabərliyi, psixi sağlamlıq və sosial inklüzivlik istiqamətində maarifləndirmənin artırılması, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində bilik və sosial məsuliyyət anlayışının gücləndirilməsi olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Aqrar Kollecində keçirilən Dayanıqlı İnkişaf Ayı çərçivəsində müxtəlif istiqamətlər üzrə silsilə təlim, seminar və maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.