2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədbir keçirilib.
Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Universitetin rektoru Zəfər Qurbanov gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, dövlət səviyyəsində gənclərə göstərilən diqqət və qayğının mühüm nəticələr verdiyini bildirib. Zəfər Qurbanov qeyd edib ki, ADAU-da təhsil alan gənclər müasir aqrar biliklərə yiyələnməklə yanaşı, innovativ düşüncə, təşəbbüskarlıq və vətənpərvərlik ruhunda formalaşırlar. Rektor gəncləri ölkənin aqrar sektorunun dayanıqlı inkişafında fəal iştirak etməyə, əldə etdikləri bilik və bacarıqları Azərbaycanın gələcəyi naminə səfərbər etməyə çağırıb.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nizami Məmmədov gənclərin ictimai fəallığının artırılması, tələbələrin sosial rifahının yaxşılaşdırılması və universitet həyatında fəal iştirakının təmin olunması istiqamətində görülən işlərdən danışıb, ADAU rəhbərliyinə tələbə təşəbbüslərinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Tədbirin sonunda universitetin ictimai həyatında, elmi, mədəni və sosial fəaliyyətlərdə xüsusi fəallığı ilə seçilən bir qrup tələbə fəxri fərmanlarla təltif olunub.
