Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində Dayanıqlı İnkişaf Mərkəzi (SDG.HUB) fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin universitet mühitində təşviqi, bu istiqamətdə maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsi və tələbələrin sosial, ekoloji və iqtisadi sahələrdə fəal iştirakının təmin olunmasıdır.
Dayanıqlı İnkişaf Mərkəzi eyni zamanda dayanıqlı inkişaf mövzuları üzrə elmi-tədqiqat işlərinin aparılması, elmi layihələrin hazırlanması, tədqiqatçı tələbələrin dəstəklənməsi və elmi-praktiki əməkdaşlıqların genişləndirilməsini hədəfləyir. Mərkəz vasitəsilə gənclərin elmi potensialının inkişaf etdirilməsi, innovativ ideyaların təşviqi və qlobal çağırışlara uyğun yerli həllərin formalaşdırılması nəzərdə tutulur.
SDG.HUB-un fəaliyyəti çərçivəsində seminarlar, təlimlər, konfranslar, elmi müzakirələr və sosial layihələrin təşkili planlaşdırılır. Mərkəz universitetin dayanıqlı inkişaf strategiyasına töhfə verməklə yanaşı, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.