“Yaşıl Gənclik: Dayanıqlı İnkişaf Məqsədlərinə Doğru 2025” Yay Məktəbi uğurla başa çatdı

Azərbaycan Dövlət Aqrar Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 21-25 iyul tarixlərində “Yaşıl Gənclik: Dayanıqlı İnkişaf Məqsədlərinə doğru 2025” adlı yay məktəbi keçirilmişdir.

Bir həftə ərzində davam edən bu təlim və maarifləndirmə proqramı Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən olan tələbələri bir araya gətirərək, onları ekoloji düşüncə, yaşıl iqtisadiyyat, aqrar inkişaf və qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) haqqında daha geniş məlumatlandırmaq və fəal iştiraklarını təşviq etmək məqsədi daşıyırdı.

Yay məktəbi çərçivəsində iştirakçılar üçün ekoloji təlimlər, praktiki seminarlar, layihə yazmaq üzrə interaktiv sessiyalar, intellektual oyunlar və sahə ziyarətləri təşkil olundu. Spikerlər arasında müvafiq sahələr üzrə tanınmış akademiklər, ekoloji təşəbbüslərin liderləri və dövlət qurumlarının nümayəndələri yer aldı. Tələbələr həm nəzəri biliklər əldə etdilər, həm də qrup işi formatında real problemlərə dayanan “yaşıl” layihə ideyaları üzərində çalışaraq, onları təqdim etdilər.

Tədbir iştirakçıları ADAU-nun müasir tədris və laboratoriya imkanları ilə tanış oldular, universitetin kampusunda keçirilən sosial və mədəni fəaliyyətlərdə iştirak etdilər və yaşıl inkişafla bağlı öz fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı qazandılar.

Yay məktəbinin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olundu və gələcəkdə bu sahədə əməkdaşlıqların davam etdirilməsi üçün əsaslar qoyuldu.