“Xocalı – faciədən doğan intiqam” adlı tədbir keçirilib.

ADAU Əsaslı kitabxanası, Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatı (TGT)-nin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı – faciədən doğan intiqam” adlı tədbir keçirilib.

Əsaslı kitabxananın foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisinə baxışdan sonra təşkil olunan tədbirdə ilk öncə Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov, Kitabxananın direktoru Kamil Məmişov, kafedra müdiri Elgün Aslanov, kafedra müdiri Fəxrəddin Yusibov və kitab klubunun sədri, tələbə Ruslan Novruzəliyev çıxışlarında Ermənistan silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımının 33-cü ildönümünün əvvəlki illərdən fərqli olaraq yeni bir məzmunda, qələbə əhval-ruhiyyəsində anıldığını bildiriblər.

Çıxışçılar qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı. Lakin illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Əminliklə bildirilib ki, ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilən digər bölgələrimiz kimi Xocalının da həsrətinə tezliklə son qoyulacaq, sakinlər öz evlərinə dönəcək və Xocalı yenidən qurulacaqdır.

Sonda Xocalı soyqırımına həsr olunmuş, “Ümid işığı Xocalı” filmi nümayiş olunub.

#adau #adaulibrary #adaukitabxanası #library #26fevral #xocalısoyqırımı #justforkhojaly #ADAUTHİK #ADAUTGT #aqrargelecekgenclerle