ADAU və GDAK-da SDG 3 çərçivəsində təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Aqrar Kollecində keçirilən Dayanıqlı İnkişaf Ayı çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunub.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin SDG Hub – Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan təlim “Yoluxucu xəstəliklər və pandemiyalara hazırlıq” mövzusuna həsr olunub.

Təlim Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının assistenti Nərmin Ələsgərova tərəfindən keçirilib.

Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinin əsas istiqamətlərindən biri olan SDG 3 – “Sağlam həyat və rifah” məqsədi çərçivəsində yoluxucu xəstəliklərin yayılma mexanizmləri, pandemiya riskləri, profilaktik tədbirlərin əhəmiyyəti və ictimai sağlamlığın qorunması istiqamətində müasir yanaşmalar barədə ətraflı məlumat verilib.

Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, qlobal səhiyyə çağırışları, pandemiyalara hazırlıq mexanizmləri və fərdi məsuliyyətin əhəmiyyəti ətrafında fikir mübadiləsi həyata keçirilib. Eyni zamanda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və onların fikirləri dinlənilib.

Tədbirin əsas məqsədi tələbə və gənclər arasında sağlam həyat tərzinin təşviqi, ictimai sağlamlıq barədə maarifləndirmənin artırılması və Dayanıqlı İnkişaf Məqsədi 3 istiqamətində biliklərin gücləndirilməsi olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Aqrar Kollecində keçirilən Dayanıqlı İnkişaf Ayı çərçivəsində müxtəlif istiqamətlər üzrə silsilə təlim, seminar və maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.