ADAU-dan növbəti beynəlxalq uğur: Dayanıqlı İnkişaf Naminə qlobal platformada təmsil olunur

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq elmi platformalarda nüfuzunun artırılması və qlobal şəbəkələşmə strategiyasının uğurlu davamı olaraq, universitet BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (Sustainable Development Solutions Network – SDSN) rəsmi üzvlüyünə qəbul edilib. Bu mühüm nailiyyətin strateji əhəmiyyətini artıran əsas məqam isə ADAU-nun həmin qurumun Networks Strategy Council (Şəbəkələr üzrə Strategiya Şurası) tərkibinə seçilməsidir.

BMT-nin sabiq Baş katibi Pan Gi Munun təşəbbüsü ilə 2012-ci ildə təsis edilmiş SDSN-in yaradılmasında əsas məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) və Paris İqlim Sazişinin icrası istiqamətində qlobal elmi və texniki təcrübəni səfərbər etməkdir. Hazırda dünya şöhrətli iqtisadçı professor Ceffri Saksın rəhbərlik etdiyi bu mötəbər təşkilat 150-dən çox ölkədə fəaliyyət göstərən 1900-dən artıq universiteti, tədqiqat mərkəzini və dövlət institutlarını özündə birləşdirən nəhəng bir intellektual şəbəkədir. Təşkilat fəaliyyət göstərdiyi dövr ərzində akademik biliklərin praktiki həllərə çevrilməsi, dayanıqlı kənd təsərrüfatı, “Yaşıl iqtisadiyyat” və ekoloji tarazlığın qorunması sahəsində qlobal dialoqun əsas mərkəzinə çevrilmişdir.

Bu üzvlük ADAU üçün təkcə beynəlxalq tərəfdaşlıq imkanı deyil, həm də universitetin elmi-pedaqoji potensialının qlobal müstəvidə reallaşdırılması üçün geniş perspektivlər açır. Strategiya Şurasında təmsil olunmağımız universitetə dayanıqlı inkişaf sahəsində qlobal gündəliyin müəyyənləşdirilməsində və strateji qərarların qəbulu prosesində yaxından iştirak etmək hüququ verir. Bu platforma vasitəsilə ADAU-nun alim və tədqiqatçıları dünyanın aparıcı universitetləri ilə birgə layihələrdə iştirak etmək, qlobal qrant proqramlarına çıxış əldə etmək və kənd təsərrüfatında tətbiq olunan ən son texnoloji innovasiyaları ölkəmizə transfer etmək imkanı qazanacaqlar. Eyni zamanda, bu tərəfdaşlıq universitetimizin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsinə və qlobal akademik icmada tanınmasına birbaşa müsbət təsir göstərəcəkdir.

Yekun olaraq qeyd etmək lazımdır ki, SDSN-in üzvü və Strategiya Şurasının tərəfdaşı olmaq ADAU-nun dayanıqlı gələcək naminə üzərinə götürdüyü öhdəliklərin beynəlxalq səviyyədə təsdiqidir. Bu uğur universitetin strateji inkişaf planına uyğun olaraq, müasir aqrar təhsilin və elmin inkişafı yolunda atılmış mühüm addım olmaqla yanaşı, Azərbaycanın qlobal dayanıqlı inkişaf hədəflərinə verdiyi töhfənin bariz nümunəsidir.