Azərbaycan Dövlət Aqrar Universitetində “Məqsəd 1: Yoxsulluğa son” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən Dayanıqlı İnkişaf Ayı çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunub.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin SDG Hub – Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan təlim “Gənclərin rolu və sosial təşəbbüslər vasitəsilə yoxsulluğun azaldılması” mövzusuna həsr edilib.

Təlim Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nizami Məmmədov tərəfindən keçirilib. Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinin əsas istiqamətlərindən biri olan SDG 1 – “Yoxsulluğa son” məqsədi çərçivəsində yoxsulluğun müasir yanaşmalar əsasında təhlili, sosial təşəbbüslərin cəmiyyətin inkişafındakı rolu və gənclərin sosial dəyişiklik proseslərində aktiv iştirakı mövzularına toxunulub.

Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, sosial problemlərin həllinə yönəlmiş təşəbbüslər və gənclərin bu istiqamətdə potensial imkanları barədə fikir mübadiləsi həyata keçirilib. Eyni zamanda tələbələr tərəfindən təqdim olunan ideyalar və sosial layihə yanaşmaları geniş maraqla qarşılanıb.

Tədbirin əsas məqsədi tələbə və gənclər arasında dayanıqlı inkişaf prinsiplərinin təşviqi, sosial məsuliyyət anlayışının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində gənclərin fəal iştirakının təşviq olunması olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Aqrar Kollecində 1–31 may tarixlərini əhatə edən Dayanıqlı İnkişaf Ayı çərçivəsində müxtəlif mövzularda silsilə təlim, seminar və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur.