Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik tədris binasının həyətində Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi, Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə xalqımızın ən qədim və sevilən bayramlarından olan Novruz bayramı münasibətilə şənlik keçirilib.
Şənlikdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və qazilər iştirak ediblər. Bayram şənliyi çərçivəsində fakültələr tərəfindən milli adət-ənənələrimizi əks etdirən müxtəlif stendlər nümayiş olunub, Novruz atributları – səməni, xonça və milli şirniyyatlar, həmçinin, tələbələrin əl işləri təqdim edilib.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov tələbələri və kollektiv üzvlərini Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın xalqımızın milli-mənəvi dəyərlərinin, birlik və həmrəyliyinin rəmzi olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində tələbələrin ifasında musiqi və rəqs nömrələri təqdim olunub, milli folklorumuzu yaşadan çıxışlar böyük maraqla qarşılanıb. Bayramın əsas simvollarından olan Kosa və Keçəl obrazları isə şənliyə xüsusi rəng qataraq iştirakçılara xoş ovqat bəxş edib.
Sonda tədbir iştirakçıları bayram tonqalı ətrafında toplaşaraq Novruz ənənələrinə uyğun olaraq tonqalı alovlandırıblar. Bayram şənliyi yüksək əhval-ruhiyyə ilə yekunlaşıb.
